Bakı Olimpiya Stadionunda son vəziyyət (FOTO)

“Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi dünya səviyyəli təqdimatla keçiriləcək. Bütün Avropadan gələn turistlər, tamaşaçılar bu mərasimdən zövq alacaq”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Stadionun baş meneceri Ron Kameron jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, stadion bir çox xüsusiyyətlərinə görə digər stadionlardan fərqlənir:

“Burada oturacaqlar meydançaya yaxın şəkildə yerləşdirilib. Stadionda ən son, müasir texnologiyalardan istifadə edilib. 68 min tamaşaçı tutumu var. Burada açılış və bağlanış mərasimləri, həmçinin atletika oyunları təşkil olunacaq. Açılış mərasimdən sonra bütün avadanlıqlar yığışdırılacaq və atletika yarışları üçün təchizat qurulacaq. Daha sonra isə bağlanış üçün hazırlıqlara başlanacaq”, – deyə Ron Kameron söyləyib.

Stadionun baş meneceri həmçinin əlavə edib ki, ətrafda çoxlu sayda yaşıllıq salınır. R.Kameron qeyd edib ki, bu yaşıllaşdırma işləri açılış vaxtına kimi davam etdirələcək. Ot örtüyü ilə bağlı da danışan menecer açılış mərasimindən sonra ot örtüyünün dəyişdirilərək daha keyfiyyətlisi ilə əvəz olunacağını da bildirib.

R.Kameron əlavə edib ki, görülən işləri vaxtında başa çatdırmaq üçün bu gündən 24 saatlıq iş rejiminə keçilib. O, işlərin açılış mərasiminə kimi yekunlaşacağını söyləyib.

Açılış mərasimində möhtəşəm şou olacağını deyən R.Kameron məşhurların bu mərasimdə iştirak edəcəyini bildirib. Stadiona gətiriləcək məşəllə bağlı məlumatları açıqlamayan baş menecer tamaşaçıları xoş sürpriz gözlədiyini qeyd edib.

…read more

From:: ANS