İrandan Azərbaycana “ağ ölüm” keçirənlər tutuldu

İrandan Azərbaycanan külli miqdarda narkotik keçirən şəxs saxlanılıb.

Dövlət Gömrük İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Eldəniz Aslanovun üzəri axtarılıb.

Onun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 99,927 qram olan narkotik vasitə – tiryək aşkar edilib.

Bundan başqa, Astara Gömrük İdarəsinin əməkdaşları 1 kiloqram 830 qram narkotik vasitə olan heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Astara Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Pərvanə Ədahil qızı Əhmədova saxlanılıb. Ona məxsus əl yükünə gömrük baxışı keçirilib.

Baxış zamanı əl yükündə üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 880 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Piriyev İlqar Məhərrəməli oğlu da saxlanılıb. İlqar Piriyev piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində ona məxsus iki ədəd əl yükünə gömrük baxışı keçirilib.

Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində, gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 950 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. …read more

From:: ANS