İrəvanda “qarın davası”

İrəvanda “Nairit” zavodunun yüzlərlə işçisi zavodun inzibati binası önündə etiraz aksiyası təşkil edib.

ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları Direktorlar Şurasının iclasının çağrılmasını və əmək haqqı üzrə 18 aydan bəri yığılıb qalan maaşlarının ödənilməsini tələb ediblər.

Etirazçılar, tələbləri yerinə yetirilməzsə, zavodun yaxınlığından keçən prospektdə yol hərəkətini kəsməklə hədələyiblər. Cümə axşamı isə zavodun min nəfərə yaxın işçisi Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirmişdi. Etiraz iştirakçıları zavodun əmək haqqı üzrə borcunun 15 milyon dollar təşkil etdiyini deyirlər.

Bundan başqa, yeni il ərəfəsində işçilər gələn ilin fevral ayından ixtisar ediləcəkləri haqda bildirişlər almağa başlayıb. Fevralın 6-dan sonra zavodun 2100 işçisindən 1500 nəfəri ixtisar edilməlidir.

Qeyd edək ki, “Nairit” zavodunun əməkdaşları 2012-ci ildən mütəmadi etiraz aksiyaları keçirirlər. Keçmişdə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Bir neçə dəfə zavod sahibkarları dəyişib. …read more

From:: ANS