Şeyx ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər vəkili Derek Hoqanı qəbul edib.

ANS PRESS-in QMİ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qonağı salamlayan Şeyxülislam həzrətləri ölkədəki dini vəziyyət və müxtəlif dinləri təmsil edən icmalar arasındakı qarşılıqlı münasibətlər haqqında danışıb. QMİ sədri qeyd edib ki, dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir və müxtəlif dinlərin liderlərinin şəxsi səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir. Şeyxülislam Allahşükür Paşazadə 1992-ci ildən bəri Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu və bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini vurğuladı. QMİ sədri qeyd etdi ki, müasir Azərbaycan cəmiyyətində tolerantlıq ənənəsinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də həmin ənənə davam edir.

Şeyxülislam həzrətləri tolerantlığın ümumbəşəri xarakter daşıdığını və sərhədləri olmadığını bildirib.

Səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki Müvəqqəti İşlər vəkili Şeyxülislam həzrətlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini və Azərbaycanda dini mənsubiyyətindən asılı olmayaraq, hamı tərəfindən bir simvol kimi qəbul edildiyini bildirdi. O, qeyd etdi ki, Azərbaycanda çalışdığı dövrdə müxtəlif regionlara səfərlər edib və müxtəlif dinləri təmsil edən vənətdaşlarla görüşlər keçirib. Həmin görüşlərdə Şeyxülislam Allahşükür Paşazadə bir simvol olduğunu və tolerantlığın möhkəmlənməsində böyük rol oynadığını dilə gətirib.

Görüş zamanı tərəflər qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavinləri Qəmər xanım Cavadlı və Rəşad Əliyarlı, ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Stiven Qays və başqaları iştirak ediblər. …read more

From:: ANS