Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama (VİDEO)

Bakıda idman yarışı zamanı idmançının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

ANS PRESS-in məlumatına görə, hadisə ilə bağlı Bakı şəhər Baş Polis idarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb. Məlumatda bildirilir ki, martın 27-də Hövsan qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri aparılmış, o cümlədən ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki,ANS PRESS 27 mart tarixində saat 16 radələrində Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsinin qeydə alınmasını xəbər vermişdi. Qubanı təmsil edən 27 yaşlı Ramin Zeynalovun Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı dünyasını dəyişib. Suraxanı rayonu 30-cu polis bölməsindən verilən məlumata görə, idmançı elə döyüşdəcə ölüb. Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

…read more

From:: ANS