Bakı sakinləri ölümlə üz-üzə (VİDEO)

Azərbaycan ərazisində həm suda, həm də quruda 350 palçıq vulkanı mövcuddur ki, bunların da 60-ı aktiv vulkan sayılır. Bir vaxtlar Binəqədi ərazisində palçıq vulkanını püskürüb. Bu vulkanın son aktivliyi isə bu ilin oktyabr ayında olub.

ANS TV-nin məlumatına görə, palçıq vulkanının ərazisinə yaxın məsafədə kifayət qədər evlər tikilib. Düzü, üzü yuxarı qalxdıqca burada sakinlərin ev tikmələri bizdə heyrət doğurdu. Çünki ayağımızın altında vulkanın püskürməsi nəticəsində xaric olan qurumuş palçıq o qədər boş idi ki, addımladığımız zaman özümüzü sanki bataqlıqda hiss edirdik. Ətrafdakı evlərə nəzər salanda fikirləşdim ki, ya onlar qurumlar tərəfində məlumat almayıblar ya da təhlükəni gözünün qarşısına alıb yaşamağa başlayıblar.

Atdığımız hər addımda ayaqlarımız yerə batır, bu palçıq vulkanın nə qədər təhlükəli olmasından xəbər verir.

Məsələ ilə bağlı AMEA-nın Geologiya İnstitutu ilə əlaqə saxladıq və öyrəndik ki, Abşeron və Binəqədi rayonlarında yerləşən Qobu, Hökməli və Keyrəki palçıq vulkanları ətrafında əvvəllər evlər tikilib. Ancaq indi evlərin tikintisinə xüsusi göstərişlər əsasında qadağa qoyulub. Hətta vulkan ərazisinə yaxın evlərdə yaşayanlara bildirişlər də paylanılıb. Çünki vulkan ocaqlarının yaxınlığında nəinki tikinti işləri, hətta kommunikasiya xətləri belə olmamalıdır.

Professor Adil Əliyevin sözlərinə görə, böyük hərarət nəticəsində vulkan qazı alovlanır və odlu sütün yaranır: “Hərdən onun hündürlüyü 300 metrə çatır. Digər tərəfdən vulkanın püskürməsi nəticəsində çatlar yaranır ki, bunun nəticəsində çatlar bəzən uzun məsafəyə uzanır. Əgər orada evlər olsa, çatlar gəlib eva çatacaq”.

Ərazinin vəziyyətini nəzərə alıb bu evlərin və sakinlərin sonrakı durumu necə olacaq?

Nəzərinizə onu da çatdıraq ki, hazırda ölkəmizdə palçıq vulkanlarının ən çox yerləşdiyi ərazi Abşeron yarmadası, Şamaxı-Qobustan, aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir. Bu zonalarda olan vulkanların 70%-dən çoxu aktivdir. Eyni zamanda Bakı və Abşerondakı palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili məqsədilə 2007-ci il avqustun 15-də “Dövlət Təbiət Qoruğu” yaradılıb və 43 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib.

…read more

From:: ANS