SOCAR-dan 750 milyon $-lıq xəbər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iki illik fasilədən sonra Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib.

SOCAR tərəfindən yeni buraxılan avrobondların coğrafi bölgüsü Birləşmiş Krallıq (39 faiz), Avropa (18 faiz), ABŞ (41 faiz) və digər regionlar (2 faiz) nisbətində həyata keçirilib. Avrobondların 93 faizi fond idarəçiləri, 5 faizi banklar, 2 faizi təqaüd fondları tərəfindən alınıb.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasında iqtisadi inkişaf, ölkənin sabit iqtisadi inkişaf göstəriciləri, SOCAR-ın 100 faiz dövlət mülkiyyətində olması, şirkətin mövcud vəziyyəti, eləcə də avrobondların buraxılışı ilə əlaqədar görülən işlər dünyanın müxtəlif regionlarından olan investorlar arasında böyük marağa səbəb olub. İnvestorların marağını nəzərə alaraq, qiymətli kağızların faiz dərəcəsi illik 6,95 faiz təşkil edib.

Xatırladaq ki, SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London fond birjasında avrobondlar emissiya etdikdən sonra, 2013-cü ilin mart ayında ümumi həcmi 1 milyard ABŞ dolları, illik faiz dərəcəsi 4,75 faiz və müddəti 10 il olan ikinci avrobond emissiyasını uğurla həyata keçirib. …read more

From:: ANS