Quduz itlər Qubada qoyunları parçaladı (VİDEO, FOTO)

Qubanın Amsar kəndində quduzlaşmış sahibsiz itlər sakinlərin bayram əhval-ruhiyyəsini əməlli-başlı pozub. Belə ki, itlər sakinlərdən birinin şəxsi təsərrüfatındakı xeyli sayda qoyunu parçalayıb və yaralayıb.

ANS TV-nin məlumatına görə, Amsar kənd sakini 38 yaşlı Qurban Məmmədov bu gün səhər yuxudan oyanıb həyətə çıxanda qoyunlarını yerində görməyib. Yaxınlıqdakı bağa gedəndə isə şok yaşayıb. Heyvanların yarısını ölmüş, qalanlarını isə yaralı vəziyyətdə tapıb. Zərərçəkən 3 min manata yaxın kredit hesabına aldığı 65 baş qoyundan indi cəmi 5 başının salamat qaldığını deyir. 16 baş qoyunu öldürən sahibsiz itlər qalan heyvanları isə ağır yaralayıb. Kənd sakininin sözlərinə görə, bu ay ərzində artıq ikinci dəfədir ki, itlər həyətə hücum edir. Martın 15-də olan basqın zamanı isə 15 baş xırda buynuzlu heyvanı tələf olub.

“Mənə hardasa, üst-üstə 6500 manat məbləğində ziyan dəyib. Hadisə ilə bağlı tədbir görən yoxdur. Bununla bağlı yazılı surətdə aidiyyatı qurumlara da müraciət edilib”, – deyə zərərçəkən Qurban Məmmədov bildirib.

Hadisə yerinə Quba baytarlıq idarəsinin əməkdaşları gələrək yaralı heyvanlara baxış keçirərək, quduzluq əleyhinə vaksin vurdular.

İtin parçaladığı heyvanların cəsədləri isə dərmanlanaraq kəndin kənarındakı boş ərazidə basdırıldı.

Quba baytarlıq idarəsinin rəis əvəzi Nadir Becanovun sözlərinə görə, quduz vəhşi heyvanları zərərsizləşdirmək üçün yerli bələdiyyələr ovçular cəmiyyətilə müqavilə bağlamalıdır.

“İtlərə qarşı profilaktik tədbirlər yerli bələdiyyələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparmalıdır. Çünki, bu bizim səlahiyyətimiz kənarındadır”, – deyə Quba baytarlıq idarəsinin rəis əvəzi Nadir Becanov qeyd edib.

Quba rayonu icra başçısının Amsar inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Elvin Hüseynov sahibsiz itlərin sakinlərin şəxsi təsərrüfatına ziyan vurması ilə bağlı polis şöbəsinə də məlumat verildiyini bildirdi. Onun dediyinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilərək ovçularla müqavilə bağlanması məsələsinin də həllinə çalışacaqlar.

…read more

From:: ANS