Müəllimə şagird qızın saçlarını kəsdi

Misir məktəblərinin birində müəllimə məktəbə hicabsız gələn qız şagirdinin saçını kəsib.

ANS PRESS-in məlumatına görə, o beşinci sinifdə oxuyan qızı müsəlman xanımlarına uyğun olmayan tərzdə, yəni başı açıq dərsə gəldiyi üçün cəzalandırıb.

İslamın əsaslarından dərs verən həmin müəllimə artıq həbs edilib. Məhkəmə onun 4 günlük həbsi ilə bağlı qərar çıxarıb. Məktəbin direktoru isə vəzifəsindən uzaqlaşdırılıb.

Hadisə Qahirənin cənubu Əl-Fayum əyalətində baş verib. Müəllimə qızın saçlarını kəsməzdən əvvəl onun dini hisslərini təhqir edib və beşinci sinif şagirdinə bir neçə zərbə də endirib.

“Mənim qızım hələ də özünə gələ bilmir. Xüsusilə də bütün bunların sinif yoldaşlarının gözü qarşısında baş verməsi psoxoloji olaraq ona çox pis təsir edib. Axı o uşaqdır! Əgər o özü hicab geyinmək istəsə, mən buna hörmətlə yanaşaram. Mən azyaşlı qızımı məcburən hicab geyindirmək fikrində deyiləm” – deyə qızın anası bildirib.

Misirdə qızların məktəbı hicabla gəlməsi məcburi deyil. Bu barədə hər hansı bir qanun yoxdur. Təhsil müəssisəsi hicab siyasətini sərbəst şəkildə özü təyin edə bilər. İnsidentin yaşandığı məktəbdə isə hicabla bağlı qayda yoxdur. …read more

From:: ANS