İbrahim Tatlısəsin əməliyyatdan sonra ilk mesajı (FOTO)

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs əməliyyatdan sonra ilk dəfə səhhəti ilə bağlı açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 6 günlük koma vəziyyətindən sonra hazırda vəziyyətinin yaxşı olduğu barədə mesaj yayımlayıb.

“Dəyərli sevənlərim, bildiyiniz kimi çətin bir əməliyyat keçirdim və bu əməliyyatı siz sevənlərimin duaları ilə uğurlu şəkildə geridə qoydum. Səhhətim kifayət qədər yaxşıdır. Əməliyyatdan sonrakı müalicə üçün qısa bir müddət siz sevənlərimdən və vətənimdən ayrı qalacağam. Amma bilməyinizi istəyirəm ki, vətənimə, millətimə və siz sevənlərimə xidmət etmək üçün ən yaxın zamanda aranızda olacağam” – deyə sənətçi “Instagram” sosial şəbəkəsində yazıb.

Bundan başqa o, ötən gün Fransada 150 nəfərin ölümü ilə nəticələnən aviaqəzada ölənlərin yaxınlarına başsağlığını çatdırıb.

Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir.

…read more

From:: ANS