ABŞ “Patriot”ları Polşada

ABŞ Polşada “Patriot” raketlərini yerləşdirib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Varşava ətrafında keçirilən Polşa-Amerika hərbi təlimləri çərçivəsində Amerikaya məxsus “Patriot” hava hücumundan müdafiə kompleksləri Polşada yerləşdirilib. Təlimlərə ABŞ-ın 100 nəfərə yaxın hərbi qulluqçusu və 30 vahid texnika cəlb edilib. Manevrlər Varşavadan 50 kilometr aralıda, Polşanın Soxaçev şəhərindəki poliqonda keçirilir.

Polşanın müdafiə naziri Tomaş Semonyak ABŞ-la öz ölkəsinin sıx əməkdaşlıq etdiyini vurğulayaraq bildirib ki, bir-birinə dost olan bu iki dövlət artıq 16 ildir ki, tərəfdaşlıq edir.

T. Semonyak Amerika səfirinin iştirakı ilə keçirilən görüşdə deyib: “Zəruri olduqda Birləşmiş Ştatlar bizim arxamızda möhkəm dayanır”.

Hələlik özünün Hava Hücumundan Müdafiə sistemi olmayan Polşa yaxın həftələr ərzində onu müvafiq komplekslə təchiz edəcək şirkət seçmək niyyətindədir. Bu kompleksin alınması üçün müsabiqədə “Patriot” raketlərini istehsal edən “Raytheon” firmasından (ABŞ) başqa, “Thales” firmasının (Fransa) və MBDA Avropa qrupunun daxil olduğu konsorsium da iştirak edir. …read more

From:: ANS