Azərbaycanlının “Şahənşah” oyunu (FOTO)

Yevlax şəhər sakini Mehrəli Əliyev şahmat oyunu əsasında yeni oyun yaradıb və onu “Şahənşah” adlandırıb. ANS PRESS-in məlumatına görə, M. Əliyev AzərTAc-ın müxbiri ilə söhbətində şahmatla müqayisədə yeni oyunun daha ideal olduğunu deyib.

Bildirib ki, “Şahənşah” oyununda simmetriklik, bərabərlik prinsipi şahmata nisbətən daha yüksəkdir. Şahmatda eyni fiqurların biri ağ, digəri isə qara xanadadır. Bu da döyüş səhnəsində bərabərlik prinsipini pozur. “Şahənşah”da isə hər bir fiqurun yeri müəyyən olunub, yəni fiqurlar ya ağ, ya da ki, qara xanada yerləşir.

Şahmatdan fərqli olaraq, “Şahənşah”da 64 deyil, 81 xana var. Yəni şahmat taxtasındakı xanalar 8×8 deyil, 9×9 formasındadır. Şahmatda ağ şah qara xanada, qara şah isə ağ xanada olur. “Şahənşah”da isə şah ancaq qara xanada yerləşir. Şahın şahmat lövhəsindəki yeri simmetrikliyi təmin edir. Yeni oyunda şahın bir tərəfində vəzir, digər tərəfində isə vəkil dayanır. Şah gedişi ağ xanaya düşsə, vəkilin gedişi fil gedişi kimi qəbul olunur. “Şahənşah”da əlavə xana olduğu üçün piyadaların sayı da 9-dur. Bu oyunda şah, toplar və fillər qara, vəzir, vəkil və atlar isə ağ xanada yerləşir. Lövhənin mərkəzində “qızıl xana” yerləşir. Bu xana bütün xanalardan bərabər məsafədə yerləşir və fərqli rəngdə olur. Şahını gətirib “qızı xana”ya qoymağa müvəffəq olan, yəni “qızıl xana”nı fəth edən oyunçu 2:0 hesablı qələbə qazanır. Bu zaman şahənşah deyilir. Oyunun adı da elə buradan götürülüb. Belə ki, oyunun əvvəlində iki şah var idisə, sonradan biri məğlub olur, digəri isə bütün əraziyə (lövhəyə) sahib olur və şahənşah adlanır. Şahmatda olduğu kimi, “Şahənşah”da da “qalaqurma” var.

Yevlax Uşaq Gənclər Şahmat Məktəbinin müəllimi Vaqif Quliyev Mehrəli Əliyevin yeni oyunla bağlı təşəbbüsünü müsbət qiymətləndirib. Bildirib ki, çoxəsrlik yol keçən şahmat oyunu bizim günlərə təkmilləşərək gəlib çatıb. “Şahənşah” şahmata alternativ oyun ola bilər.

…read more

From:: ANS