Azərbaycanlı rəssamın əsəri rekord qiymətə satıldı (FOTO)

Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun “Böyük qoç” (1982) rəsm əsəri Böyük Britaniyanın “Sotheby’s” hərrac evində 68 500 ingilis funtuna satılıb.

Bu barədə ANS PRESS Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Məlum olduğu kimi, Böyük Britaniyabnın məşhur “Sotheby’s” Hərrac Evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində mühüm rolu olub.

T.Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayıb. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilib. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

T.Nərmanbəyov 2 iyun 2013-cü ildə Paris şəhərində vəfat edib.

…read more

From:: ANS