Çeçenistandakı şiddətli döyüşlərin görüntüləri (VİDEO)

Qroznıda anti-terror əməliyyatları keçirilib. Xüsusi əməliyyat zamanı 20-dək polis əməkdaşının, o cümlədən Çeçenistan xüsusi-təyinatlılarının komandirinin yaralandığı bildirilir. Silahlılar yerli media qurumunun binasını yandırıblar.

ANS TV-nin məlumatına görə, Çeçenistan paytaxtı Qroznıda ötən gecə baş verən silahlı toqquşma nəticəsində həvəskar kamera ilə çəkilmiş görüntülər yayılıb. Rəsmi məlumata görə, əməliyyat bir qrup silahlı şəxs təhlükəsizlik qüvvələrinə hücum etdikdən sonra başladılıb. Silahlıların bir neçə avtomobillə nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində polis əməkdaşları öldürülüb. Bundan sonra gecə saatlarında Qroznıda anti-terror əməliyyatına start verilib.

Silahlılar Qroznının mərkəzində nəşriyyat evinin binasında mühasirəyə alındıqdan sonra zərərsizləşdiriliblər. Dünən gecədən bu gün səhər saatlarınadək davam edən atışma nəticəsində binada güclü yanğın baş verib.

Şimali Qafqazda fəaliyyət göstərən qeyri-qanuni silahlı qruplaşmalara yaxın “Kavkazcentre” saytı isə hücumu həyata keçirən silahlıların çəkdiyi videokadrları yayıb. Kadrlarda gərgin döyüşün getdiyi açıq görünür.

Silahlılara qarşı əməliyyata rəhbərlik edən Ramzan Kadırov isə öz facebook və İnstagram səhifəsində zərərləşdirilən silahlılardan birinin şəkilini paylaşaraq bildirib ki, əsas məsələ dinc sakinlərin qurbanlara çevrilməməsidir. Kadırov həmçinin insanlardan küçəyə çıxmamağı xahiş edib. O, zərərsizləşdirilənlərin hamısının polis geyimində olduğunu xüsusi vurğulayıb.

İnternetdə yayılan həvəskar görüntülərdə isə səhər saatlarından Qroznı küçələrinin boş, mağazaların bağlı olduğu görünür. Bununla belə səhər saatlarında da şəhərdə mütəmadi toqquşmalar baş verib.

Hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin də açıqlama verib.

“Biz 90-cı illərdə separtizmi və hətta terroru kimin dəstəklədiyini gözəl xatırlayırıq. Onlar əli qanlı qatillərə sadəcə üsyançı adı vermişdilər. Bu qərarlar çox yüksək səviyyədə verilmişdi. İndi həmin terrorçular yenidən Çeçenistanda üzə çıxıblar. Mən əminəm ki, yerli hüquq-mühafizə orqanları vəziyyətə nəzarəti ələ alacaq. Onlar yeni terrorçu qruplaşmasını zərərsizləşdirməyə çalışan şəxslədir. Gəlin onlara dəstək olaq”.

Rusiyanın Antiterror Komitəsinin yaydığı məlumata görə, hazırda Qroznıda sakitlik hökm sürür. Əməliyyatlar nəticəsində isə 10 silahlı zərərsizləşdirilib.

…read more

From:: ANS