Azərbaycanlı 200 minlik maşınla sərhəddə saxlanıldı

Ukrayna ərazisində haradan peyda olduğu məlum olmayan, 48 yaşlı azərbaycanlıya məxsus, qiyməti 200 min dollardan yuxarı olan eksklüziv komplektasiyalı “Land Rover Discovery V6” Krımla sərhəddə saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Virtualaz.org saytı bu barədə Ukrayna KİV-lərinə istinadən xəbər verir. Avtomobilin sükanı arxasında 48 yaşlı Azərbaycan vətəndaşı olub. Onun Almaniyadan Ukrayna ərazisinə gəldiyi, oradan isə Krımdan keçməklə Azərbaycana yola düşməyi planlaşdırırdı.

“Cip”in Almaniyada verilmiş texniki pasportu qaydasında olub. Lakin Ukrayna Dövlət Gömrük Xidmətinin məlumat bazasında maşının ölkə sərhədlərini leqal yolla keçdiyinə dair heç bir məlumata rast gəlinməyib.

Bu baxımdan ehtimal edilir ki, “cip” ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olub. Avtomobilin sahibi Ukraynaya hansı yolla daxil olduğunu əsaslandıra bilməyib və onun avtomobilini müsadirə ediblər. Üstəlik Ukraynanın Gömrük Kodeksinə görə, onu 1 milyon 250 min qriven (təxminən 240 min dollar) cərimə də gözləyir.

Xerson gömrüyünün rəisi Vitali Bulyok bildirib ki, o, vilayətin sərhədlərində indiyədək saxlanılan ən bahalı avtomobildir. Avtomobilin qaçaq yolla ölkəyə necə gətirildiyi, bu işdə kimlərin olduğu araşdırılır. …read more

From:: ANS