Bakı Ali Neft Məktəbi baş nazirin elçisinə diplom verdi (FOTO)

Noyabrın 3-də Bakı Ali Neft Məktəbi (BANM) və ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

ANS PRESS-in məlumatına görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov ARDNŞ–in Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən danışıb. O, BANM-in əsas məqsədinin Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir ingilis dilli yüksək ixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsi olduğunu bildirib. Rektor, həmçinin qonaqlara Ali Məktəbin yaranma tarixi, əldə etdiyi uğurları, gələcək planları, perspektivləri və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlığı haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Böyük Britaniya parlamentinin üzvü və Baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda Ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-muəllim heyəti və tələbələr qarşısında çıxış edib. O, BANM-də olmasından məmnunluğunu dilə gətirib. Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında tək energetika və humanitar sahələrdə deyil, eyni zamanda təhsil sahəsində də əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Tədbir çərçivəsində BANM-in rektoru E.Qasımov Ç.Hendrini Ali Məktəbin “Fəxri qonaq” diplomu ilə təltif edib.

Tədbirdə iştirak edən Heriot-Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı Prof. Stefen Makloxlin BANM və Heriot-Vatt universiteti arasında əməkdaşlıqdan, bu iki ali təhsil ocağı arasında əlaqələrin dinamik inkişafından danışıb.

Sonra Bakı Ali Neft Məktəbi ilə ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirdə həmçinin, Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi, İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Abişer, hər iki səfirliyin nümayəndələri və şirkət təmsilçiləri iştirak ediblər.

…read more

From:: ANS