İraq ordusu İŞİD-i artilleriya atəşinə tutdu (VİDEO)

İraq ordusu ötən ilin yay aylarından itirdiyi torpaqlarını “İŞİD” terrorçularından geri qaytarmaq üçün geniş hərbi əməliyyatlara başlayıb. Ordu qüvvələri Tikrit şəhərində “İŞİD” döyüşçülərinin mövqelərinə hücumlar təşkil edir. Əməliyyatlar zamanı artilleriya və aviasiyadan geniş istifadə olunur.

Lakin hələ də “İŞİD”in nəzarəti altında olan şəhər mərkəzini ələ keçirmək mümkün olmayıb. Hər iki tərəfdən itkilər var. İraq ordusu bu əməliyyatı Tikritin şiə özünümüdafiə dəstələrinin köməyilə həyata keçirir. Bağdaddan 180 kilometr şimalda yerləşən, İraqın keçmiş lideri Səddam Hüseynin doğma şəhəri olan Tikrit “İŞİD” tərəfindən işğal olunan Mosula gedən yolun üzərində yerləşdiyindən strateji əhəmiyyətə malikdi.

İraq ordusu həmçinin Tikritlə sərhəd Samirə şəhərində “İŞİD” silahlılarına qarşı əməliyyatlar keçirib. Anti-“İŞİD” qüvvələrinə məxsus qırıcı təyyarələr terrorçuların mövqelərinə aviazərbələr endiriblər.

Koalisiya qüvvələri 6 aydır ki, “İŞİD” terrorçularına qarşı havadan mübarizə aparır. Bəs bu müddətdə iki mindən çox hava hücumu ilə anti-“İŞİD” koalisiyası nəyə nail olub? Birləşmiş Ştatlar başda olmaqla, təxminən 60 ölkənin iştirakı ilə yaradılmış bu koalisiya Kobanidə peşmərgələrin karına gəldi. Lakin İraqda bu əməliyyatlar effektiv görünmür. BBC-xəbər verir ki, hesablamalara görə, koalisiya qüvvələri “İŞİD”in İraqda nəzarət etdiyi ərazilərin bir faizini, təxminən 700 kv km ərazini geri qaytara bilib.

Pentaqon 6 minə yaxın “İŞİD” silahlısı məhv edildiyin açıqlayıb. 100-lərlə neft-qaz obyektləri dağıdılıb. ABŞ Müdafiə Departamentinin hesablamalarına görə, 2015-ci ilədək “İŞİD”lə hava mübarizəsinə 1,3 milyard dollar sərf edilib. Günlük təxminən 8,3 milyon dollar. Bu rəqəm İraq, Əfqanıstan və Pakistandakı ümumi müharibə xərclərinin kiçik bir hissəsini təşkil edir. Döyüşlərin nə vaxt sona çatacağı yaxın üfiqdə görünmür. ABŞ generalı John Allen münaqişəni “Nəsillərin döyüşü” adlandıraraq hələ uzun müddət müharibənin davam edəcəyinə işarə verməsi təsadüfi deyildi.

…read more

From:: ANS