Cəbhədə bölgəsində bayram şənliyi (FOTO)

Bu gün novruz bayramının II çərşənbəsi – od çərşənbəsidir. Od çərşənbəsi baharın gəlişi ilə havaların isinməsini, təbiətin oyanmasını özündə əks etdirir.

Ömrünün 83-cü novruzunu qarşılayan Kamal baba deyir ki, Novruzun II çərşənbənin adındakı od kəliməsi də məhs havaların isinməsiylə bağlıdır. Yaşadığı Çəmənli kəndi təmas xəttinə yaxın yerləşsə də Kamal babanın ailəsi çərşənbəyə hazırlıq görür. Ağsaqqal həmişə çərşənbə tonqalını öz əlləriylə hazırlayır. Bu dəfə ona nəticəsi Fərid də köməklik göstərir.

Kamal baba deyir ki, indi bayram onun cavanlıq çağlarıyla müqayisədə sönük keçir. Onun fikrincə bu keçmişdə ailə bağlarının, qohumluq əlaqələrinin daha möhkəm olmasıyla bağlı olub.

Kamal Əhmədov: “O vaxtı bundan qəşəng keçirdi. Atamız 4 qardaş olub, 4-ü də evlənib bir yerdə arada xətrə dəyən söz söhbət olmayıb, hamısı mehriban olub. İndi iki gəlin bir yerdə dolanmır”.

Yaşının səksəni haqlamasına baxmayaraq Kamal baba hər il novruz tonqalından nəvələriylə birgə tullanır.
Ənənəyə görə hava qaralanda novruz tonqalı da qalanır. Ailə üzvləri uşaqlı böyüklü tonqalın üzərindən tullanır.
Novruz adətlərindən biri olan yumurta döyüşü də tonqal başında baş tutdu. Bu dəfə Kamal babanın bəxti gətirmədi. Əvvəlcə çəkiliş qrupumuza daha sonra nəvəsi Fəridə uduzan ağsaqqal deyir ki, onun həyatdakı ən böyük qazancı ömür gün yoldaşı Sərfinaz nənədi. Onların məhəbbət tarixçəsi də məhz Novruz bayramı ərəfəsində olub. O zaman sevdiyi qıza baharın ilk bənövşəsini bağışlayan Kamal baba hər il bu ənənədinə sadiq qalıb. Bizi də bayram süfrəsinə dəvət edən Kamal baba bu baharın da ilk bənövşəsini süfrə başında Sərfinaz nənəyə bağışlayır.

Kamal baba deyir ki, digər çərşənbələrdə olduğu kimi od çərşənbəsində də bütün ailə evdə olmalı, birlikdə süfrə başına oturmalıdır, il ruzi bərəkətli keçsin.

…read more

From:: ANS