Astanada “Azərbaycan günləri” keçirilib

Astanada Azərbaycan Gənclər Cəmiyyətinin təşkilatçılığı və “Xəzər” Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Azərbaycan günləri” keçirilib.

Humanitar – Hüquq Kollecində keçirilən tədbir çərçivəsində Azərbaycandan bəhs edən kitablar, milli musiqi alətləri nümayiş etdirilib.

Hər iki ölkənin himnlərinin səslənməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazisi, tarixi, iqtisadiyyatı, mədəniyyəti haqda iştirakçılara ətraflı məlumat verilib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışılıb.

Kollecin direktoru Erbol Korıkbayev bildirib ki, “Azərbaycan günləri”nin keçirilməsinin Qazaxıstan Xalqlar Assambleyasının 20 illiyinə təsadüf etməsi sevindiricidir. Bu cür təbirlərin keçirilməsi Azərbaycan və Qazaxıstan gəncləri arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verir. Bu kollecin məzunları arasında azərbaycanlı iş adamlarının, idman sahəsində çempionların adlarının qeyd edilməsi qürurvericidir.

Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Salahov və “Xəzər” Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Ağayev ölkələrimizin əlaqələrinin gündən-günə genişləndiyini qeyd ediblər. Onlar gənclər arasındakı münasibətlərin inkişaf etməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə azərbaycanlı gənclər mahnı və rəqslər ifa ediblər.

Azərbaycanlı Gənclər Cəmiyyətinin sədri Günel Məmmədova bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan tarixinin və mədəniyyətinin təbliğ olunmasıdır. O, bu tədbirin iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib. Qeyd edib ki, gənclərə dəstək, eyni zamanda, yeni nəsillər üçün stimul, gələcəyə inamdır. G.Məmmədova bu istiqamətdə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.

Azərbaycan mətbəxindən nümunələrin də təqdim olunduğu tədbirdə xüsusi fəallıq göstərən gənclər “Xəzər” Mədəniyyət Mərkəzi tərəfindən diplomlarla təltif ediliblər.

http://azertag.az/xeber/835955 …read more

From:: ANS