Pulun var? var, var??? (VİDEO)

Həmişə elə bilmişik ki, dövlətin simvolları bunlardır: gerb, bayraq, himn, vəssəlam. Amma məncə milli valyutanı da bu sıraya aid etmək lazımdır. Və dar ayaqda onun arxasından qaçanların da mütləq cəzası olmalıdır. Bəlkə də hissə qapılıram, amma düşünürəm ki, mütləq belə olmalıdır. Çünki dövlət vətəndaş münasibətlərində milli valyutanın – bizim situasiyada təbii ki, manatın rolu müstəsnadır…

İfrat bərkimiş manatın yumşalma prosesi asan keçmir. “Şirvan”, “Qız qalası”, “Məmmədəmin” istifadəçisi olduğu yaxın keçmişi çoxdan unudan istehlakçı əməlli başlı ərköyünləşib. Niyə də yox. Gah dünyanı, gah Avropanı bürüyən müntəzəm qlobal böhranlar Azərbaycandan yan keçir, qarışıq bölgənin ortasında ölkə sabitlik və inkişaf adası təsiri bağışlayır. Dövlətlər kəmərini sıxır, orta statistik azərbaycanlı portretində isə ən gözə girən hissə qarın olaraq qalır. Tərəqqi fontan vurur… Azərbaycan adamının ağzı isti yerdədir və birdən nəsə baş verir. Ərköyün vətəndaşın öyrəşmədiyi nəsə. Manatın kursunun dəyişməsi barədə xəbər əslində təzə deyildi. Hələ təxminən bir ay əvvəl Prezident bəyan etmişdi ki, manat ifrat möhkəmlənib və bu dövlətin bir sıra beynəlxalq ticari-iqtisadi əməliyyatlarında problemlər yaradır. İlham Əliyev kateqorik olmasa da, vəziyyətin dəyişəcəyinə işarə vuran anons etmişdi:

“Hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşaması müsbət hall deyil. Hesab edirəm ki, 1 manat 1 avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək”.

Elə ən maraqlısı da burasıdır ki, xəbərdarlığa baxmayaraq cəmiyyət gözlənilən aqibətə hazır olmadı. Əsl panika başladı. Manat məzənnədən düşdükcə, dolların hörməti artmağa üz qoydu. Nəinki varlılar, hətta evində qara günə 300-500 manat pul saxlamışlar da valyutadəyişmə məntəqəsinə qaçaraq dollara növbəni bir adam boyu daha uzatdı. İş o həddə çatdı ki, məntəqələr “dollar yoxdu!” deyə boyunlarını burdular. Küyə düşən marketlər, dükanlar öz qapılarını istehlakçının üzünə bağladılar, ən çox ethtiyac olan mallar, məhsullar piştaxtalardan yığışdırıldı. Bir neçə günün içində əməlli başağrısına çevrilən manat-dollar toqquşması xəsarət almış istehlakçını dərman ardınca apteklərə qovdu, amma boş yerə… Apteklər dərman satmadılar!!!

Bəs niyə belə oldu axı? Niyə vətəndaş öz dövlətinə inanmadı? …read more

From:: ANS