Yaşar Kamalın oxuculara vəsiyyəti

Ötən gün dünyasını dəyişən məşhur türkiyəli yazıçı Yaşar Kamalın (Kamal Sadıq Gökcəli) “oxuculara vəsiyyəti” adlı məktubu yayımlanıb.

ANS PRESS-in məlumatına görə, ötən gün müalicə olunduğu İstanbul Universitetinin tibb fakültəsinin nəzdindəki xəstəxanada həyata gözlərini yuman 92 yaşlı yazıçı Yaşar Kamalın ölümü Türkiyədə, eləcə də onun əsərləri yayılmış bir çox ölkələrdə oxucuları tərəfindən kədərlə qarşılanıb.

Yazıçının barəsində postlar, tvitlər yazılıb. Hətta sutka ərzində “Tvitter”də ən çox danışılan mövzular arasında “YaşarKamal” heşteqi də olub.

Bəziləri onun siyasi mövqeyini, eləcə də bir sıra məsələlərdə düzgün yanaşma göstərmədiyini bildirsə də, o, heç bir oxucusunu müharibəyə, zülmə sövq etməməyə çalışıb.

O, 2014-cü il noyabr ayında Bilgi Universitetində “fəxri doktor” adı verilərkən, təqdimata qatıla bilməmiş və yazdığı məktubla oxuculara bir növ vəsiyyətini çatdırmışdı.

“Mənim kitablarımı oxuyan qatil olmasın, mühariə düşməni olmasın. İki insanın bir-birindən istifadə etməyinə qarşı çıxsın. Heç kim başqasını alçaltmasın. İnsanları məhv etməyə can atan dövlətlərə, hökumətlərə dəstək verilməsin.
Mənim kitablarımı oxuyanlar bilsinlər ki, bir mədəniyyəti məhv edənlərin öz mədəniyyətləri, insanlıqları əllərindən uçub gedib.
Mənim kitablarımı oxuyanlar yoxsullarla bir olsunlar, çünki yoxsulluq bütün insanların utancıdır. Mənim kitablarımı oxuyanlar bütün pisliklərdən arınsınlar.” – deyə məşhur yazıçı oxucularını doğru yola səsləyib. …read more

From:: ANS