Şeyx iranlı nümayəndə heyətini qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in QMİ-nin saytına istinadən verdiyi məlumata görə, iranlı qonaqlar əvvəlcə Təzəpir məscid-kompleksini ziyarət ediblər. İranlı nazir Təzəpir məscidini öz mehriyəsi hesabına inşa etdirən Nabat xanım Aşurbəyovanın məscidin girişindəki məzarını da ziyarət edib. Məsciddə günorta namazını qılandan sonra iranlı qonaqlar Təzəpir məscid-kompleksinin kitabxanasında saxlanılan qədim Quran nüsxələri, nadir əlyazmalarla tanış olublar. İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri kitabxananın xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Şeyxülislam Ə.İ.Türkmənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. O, Ə.İ.Türkmənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatına sədr seçilməsi münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Əbuzər İbrahimi Türkmən də ilk xarici səfərini məhz Azərbaycana gerçəkləşdirdiyini vurğulayaraq səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanla İran arasındakı əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olduğunu söyləyib.

Tərəflər iki ölkə xalqının müştərək mədəniyyət, tarix, din, dil və adət-ənənələrə malik olduğunu bildirərək mədəniyyət sahəsində əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər. Sonda qonağın şərəfinə ziyafət verilib.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavinləri Hacı Sabir Həsənli və Hacı Fuad Nurullah, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, habelə İranın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və başqaları iştirak ediblər.

…read more

From:: ANS