Mübariz Qurbanlı Abuzər İbrahimi Türkmanla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman Mübariz Qurbanlı ilə görüşüb.

ANS PRESS-in DQİDK-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycanla İran arasında beynəlxalq müstəvidə əməkdaşlıqdan danışılarkən Komitə sədri Mübariz Qurbanlı qeyd edib ki, istər İƏT və BMT, istərsə də digər beynəlxalq təşkilatlarda qarşılıqlı münasibətlər yüksək səviyyədədir. O həmçinin bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində işğal olunmuş ərazilərdə İslam dininə aid tarixi abidələr, məscidlər, ziyarətgahlar dağıdılıb.

Ölkəmizdə dini vəziyyət haqqında məlumat verən sədr bildirib ki, əhalinin 96 faizi müsəlmandır və hazırda iki mindən çox məscid var. Din dövlətdən ayrı olsa da, daim yeni məscidlər tikilir, bərpa və təmir olunur. Bundan əlavə, Komitə sədri qeyd edib ki, biz bütövlükdə İslamda radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyllərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür.

Səmimi qəbula görə təşəkkürünü bildirən Abuzər İbrahimi Türkman qeyd edib ki, səfər İranla Azərbaycan arasında din və mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə böyük təkan verəcək. “İslam mərhəmət dinidir”, – deyən qonaq din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışaraq qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Abuzər İbrahimi Türkman səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib və onu İrana rəsmi səfərə dəvət edib.

Görüşdə İİR-nın ölkəmizdəki səfiri Möhsün Pakayin, İİR səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi, İranın Ali dini rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nicat, həmçinin, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədli iştirak ediblər.

…read more

From:: ANS