Türkiyədə son hərbi dövlət çevrilişindən 18 il ötür

Türkiyədə ordunun həyata keçirdiyi son hərbi dövlət çevrilişindən 18 il ötür. Xatırladaq ki, 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Refah-Yol” hökumətinə bildirildi. Qərarda dünyəvi (laik) sistem üçün qərarların icrası tələb olunaraq, “təriqət məktəbləri nəzarətə götürülməli, Təhsil nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyihndə olan bütün işlər cəzalandırılmalıdır!” – deyilirdi.

Fevralın 28-də başlayan bu proses eyni il iyun ayının 18-də baş nazir Nəcməddin Ərbakanın istefası ilə nəticələndi. Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci partiyanın (DYP) sədri olan Tansu Çillerə verilməsi gözlənilsə də dövrün prezidenti Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP (Ana vətən partiyası) sədri Məsud Yılmaza vermişdi. M. Yılmaz isə iyunun 30-da “Anasol-D” hökumətini qurmuşdu.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin tarixi boyu bu ölkədə – 27 may 1960, 12 mart 1971, 12 sentyabr 1980 və 28 fevral 1997 olmaqla 4 hərbi dövlət çevrilişi baş verib. İlk hərbi dövlət çevrilişindən sonra Türkiyənin baş naziri və 2 nazir asılaraq edam edilib, son hərbi çevrilişdə isə sabiq baş nazir Nəcməddin Ərbakanın siyasi fəaiyyətinə ömürlük qadağa qoyulmuşdu.

Keçən il isə 28 fevral hərbi dövlət çevrilişini həyata keçirənlər barəsində cinayət işi qaldırılıb və məhkəmə proses hələ də davam edir. …read more

From:: ANS