Xocalı qurbanlarına qeyri adi abidə ucaldıldı (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 2 saylı tədris binasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ağacı ucaldılıb. Ağacın üzərində olan yarpaqlarda faciə qurbanlarının adları həkk olunub.

ANS PRESS-in məlumatına görə, abidə önündə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov deyib: “Ümumilli Lider Heydər Əliyevin səyi nəticəsində Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə faciənin dünya ictimaiyyətində təbliği siyasəti bu gün də davam etdirilir.”

Bundan əlavə, ADİU-da Xocalı soyqırımının 23-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə ali təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xocalı soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirilib. ADİU tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonra ADİU tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.

Ümumiyyətlə, Xocalı faciəsinin gənclər arasında təbliği istiqamətində universitetdə silsilə tədbirlər keçirilib. Bütün tədris binalarının vestibülündə “Xocalı faciəsi” güşəsi yaradılıb. Dəhlizlərdə quraşdırılan monitorlarda faciəyə həsr olunan sənədli filmlər nümayiş olunub. “İqtisadçı” qəzetinin fevral buraxılışı Xocalı faciəsinə həsr olunub, qətliamla bağlı məqalələr dərc edilib. Tədbirlər çərçivəsində fevralın 26-da ilk dərslər Xocalı faciəsinə həsr ediləcək.

…read more

From:: ANS