Azərbaycan raket istehsal edəcək (VİDEO)

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən “İDEX-2015” beynəlxlan müdafiə sənayesi sərgisi davam edir. Sərgi iştirakçı ölkələrin müdafiə imkanlarının nümaiş etdirilməsilə yanaşı, əsasən bu sahədə müttəfiq axtarışı ilə müşahidə olunur. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ayrı-ayrı ölkələrin hərbi sənaye şirkətlərilə görüşlər sırasında bu dəfə daha çox dünya silah bazarında böyük güclərlə əməkdaşlıq səyləri diqqət çəkir.

Yavər Camalovun ABŞ, Almaniya, Fransa və Braziliya müdafiə sənaye şirkətlərinin nümayəndələrilə görüşlərində Azərbaycanın bu ölkələrlə əməkdaşlığının inkişaf perespektivləri müzakirə olundu. Braziliya şirkətinin hazırladığı tank əleyhinə raket qurğusu ilə maraqlanan Müdafiə Sənayesi naziri braziliyalı həmkarları ilə bu silahın birgə istehsalı məsələsini müzakirə etdi.

Müdafiə sənayesi naziri Yavər Camalovun sözlərinə görə, belə qərara gəlindi ki, şirkətin nümayəndələri Azərbaycana gəlsinlər:

“Aprel ayında Braziliyada belə bir silah sərgisi keçiriləcək. Braziliyanın Müdafiə Nazirliyi bizi bu sərgiyə dəvət edib. Məhz həmin sərgidə bizim də iştirakımız gözlənilir. Birinci mərhələdə həmin silahın Azərbaycanda yığımı, ikinci mərhələdə isə silahın Azərbaycanda istehsalı məsələsini müzakirə etdik. Yəqin ki, yekun nəticə Braziliyada keçirilməsi nəzərdə tutulan silah sərgisində aydın olacaq”.

Azərbaycan nümayəndə heyətinin bir sıra ölkələrin tanınmış şirkətlərinin rəhbərlərilə görüşlərində qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində söhbətlər aparıldı.

ABŞ-ın atıcı silahlar istehsal edən məhşur “SIG SAUER” şirkətinin nümayəndələrilə təcrübə mübadiləsi istiqamətində danışıqlar aparıldı.

Müdafiə sənayesi naziri Yavər Camalov Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənaye şirkətlərinin aid stendləri gəzərək uzaq vuran raketlərlə maraqlandı. Müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın müzakirə olunduğu görüşlərdə Yavər Camalov ayrı-ayrı dünyaca məhşur şirkətlər 2016-cı ildə Bakıda “ADEX” kodu ilə keçiriləcək növbəti beynəlxalq müdafiə sənaye sərgisinə dəvət etdi.

Ümumiyyətlə Birləşmiş Ərəb Əmirliklərindəki “İDEX” silah sərgisi iştirakçıları arasında ölkəmizdə keçiriləcək “ADEX-2016” silah sərgisinin tanıdılması üçün geniş təbliğat işləri aparıldı.

…read more

From:: ANS