İki il əvvəl buna bəziləri inanmırdı

Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.

Görüşdə prezident İlham Əliyev deyib: “Sizi, ilk növbədə, böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan yunan-Roma güləşi üzrə dünya kubokunun sahibidir. Bu, böyük tarixi qələbədir. Bu, doğrudan da tarixi qələbədir. Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, dünya kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü olduğunu göstərir. Bizim güləşçilərimiz müxtəlif beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya Oyunlarında 2 qızıl medalı da güləşçilərimiz qazanmışlar və ümumiyyətlə, dünya miqyasında Azərbaycan güləşi bu gün ən yüksək zirvədədir”.

Prezidentin sözlərinə görə, dünya kubokunda dünyanın ən güclü komandaları iştirak etmişlər: “Biz dünyanın ən güclü komandalarına qalib gəlmişik. Bizim milli bayrağımız qaldırılmışdır, sizin şərəfinizə dövlət himnimiz səsləndirilmişdir. Doğrudan da bu, hər bir Azərbaycan vətəndaşını sevindirən hadisədir, böyük tarixi qələbədir. Bu qələbə onu göstərir ki, Güləş Federasiyasında işlər çox yaxşı gedir, düzgün qurulubdur.

Güləş Federasiyası Olimpiya Oyunlarında, dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qazanılan medallara və yüksək nəticələrə görə Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək qiymətləndirirəm. Çünki güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür və bizim milli idman növümüzdür. Əlbəttə, hər bir qələbədən sonra çox güman ki, uşaqlarımız, yeniyetmələrimiz güləş bölmələrinə daha da böyük həvəslə gedəcəklər, güləşçi olmaq istəyəcəklər ki, onlar da sizin kimi Azərbaycanı ləyaqətlə təmsil etsinlər, çempion olsunlar və yüksək kürsülərdə əyləşsinlər.

Mən Federasiyasının işindən razıyam. Bütövlükdə Azərbaycanda idman sahəsinə göstərilən diqqət öz nəticələrini verməkdədir. Azərbaycan idman dövlətidir. Bütün mötəbər beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, dünya idman federasiyaları bunu qeyd edirlər ki, Azərbaycan idman sahəsində çox böyük uğurlara imza atmışdır və bu, həqiqətən də belədir. Çünki baxın, Olimpiya Oyunlarında, dünya miqyasında Azərbaycan 30-cu yerdədir, yeniyetmələrin Olimpiya Oyunlarında 200 ölkə arasında Azərbaycan 10-cu yerdədir. Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilir və bütün qonaqlar bunu qeyd edirlər. …read more

From:: ANS