YAP: Dekabrın 1-dən start verilir

“Bələdiyyə seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinə dekabrın 1-dən start veriləcək. Bununla bağlı da hazırlıq işlərimiz görülür. 1607 bələdiyyənin hər birində YAP-ın vahid plakatları olacaq”. ANS PRESS-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Partiya İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O, bildirib ki, gələn həftədən qruplar plakatların asılması, paylanması ilə məşğul olacaq.

Deputat bu dəfə kadrların seçilməsi, gənclərə və qadınlara üstünlük verilməsi son seçkilərin daha çox maraq kəsb etməsinə səbəb olduğunu deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan bələdiyyələrində qadınların və gənclərin təmsilçiliyi xeyli yüksəkdir. “Namizəd irəli sürərkən daha çox ali təhsilli insanlara, gənclərə və qadınlara üstünlük vermişik”.

S. Novruzov radikal müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak etmir və fəal seçki kampaniyası aparmamasını da izah edib.

Onun sözlərinə görə, müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var. Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədilyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir. Radikal müxalifətin isə belə potensialı yoxdur.

“İkinci səbəb ondan ibarətdir ki, müxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm “Müsavat”, həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir. “Müsavat”ın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər.

Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər ki, bələdiyə seçkilərinə də qoşulsunlar”. …read more

From:: ANS