Vyetnamlılar Azərbaycan yeməkləri daddı (FOTO)

Azərbaycan Vyetnam Sosialist Respublikasındakı Səfirliyi Hanoyda hər il ənənəvi olaraq təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib. Qeyd olunan xeyriyyə yarmarkasında Hanoyda akkreditə olunmuş diplomatik nümayəndəliklər, diaspora təşkilatları, qeyri hökumət təşkilatları, yerli və xarici şirkətlər təmsil olunmuşdur. Xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur və keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır. Bununla yanaşı yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin, mətbəxinin və turizm potensialının təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın Vyetnamdakı Səfirliyi 2015-ci ildə ilk Avropa oyunlarının Bakıda keçiriləcəyini təbliğ etmək məqsədilə, yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında Bakı Avropa oynlarının loqolarından istifadə edib.

Yarmarkada həmçinin Azərbaycan mətbəxindən nümunələr – plov, firni, qutab və digər təamlar iştirakçılara təqdim olunub, Vyetnam dilində hazırlanmış Azərbaycan mətbəxi kitabının təqdimatı keçirilib və yarmarka iştirakçılarına paylanıb. Qeyd olunanlarla yanaşı milli suvenirlər, xalçalar, habelə ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, video çarxlar və digər təbliğat materialları da nümayiş etdirilib.

Ötən il olduğu kimi, bu il də Azərbaycan stendi ən çox ziyarət olunan stendlərdən bir olmuş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

…read more

From:: ANS