Azərbaycanda uşaq bağçalarında nə baş verir? (VİDEO)

Uşaq bağçası və ya digər təhsil müəssisələrində tərbiyəçilərin azyaşlılarla kobud davranışı, tez-tez gündəmi zəbt edir. Elə 10 gün əvvəl əsas müzakirə mövzusu 11 saylı inteqrasiya təlimli internat məktəbində çəkilmiş bu kadrlar idi. İki uşağın bir-birini çimizdirməsini çəkib sosial şəbəkəyə yerləşdirən isə məktəbin müəllimi olmuşdu.

Bu hadisə ilə bağlı görüntünü çəkən müəllimə işdən azad edildi. Amma bu 10 yaşlı Ramin və Turalın həyatında buraxdığı acı xatirələri dəyişməyəcək.

Bir neçə ay əvvəl Suraxanı rayonundakı 7 nömrəli xüsusi internat məktəbində 8 yaşlı Nahid Cavadovun direktor tərəfindən döyülməsini də yəqin ki, unutmamısınız. Düzdür təhsil nazirinin qərarı ilə həmin direktor vəzifəsindən azad edildi. Amma Nahid bu hadisədən ömrü boyu unutmayacağı mənəvi zərbəsini almışdı.

Bu kimi faktları artırmaq da olar. Nəticə isə eynidir. İstər uşaq bağçalarında olsun, istər internat evlərində uşaqlar fiziki və psixoloji zorakılığa məruz qalırlar. Təəssüflər olsun ki, bu zorakılıq tərbiyəçilər, müəllimlər tərəfindən törədilir. Psixoloq Elnur Rüstəmovun fikrincə, uşaqların bu kimi hadisələrdən aldığı zərbə illərlə onu izləyəcək və onun gələcəyini təhlükə altına alacaq.

Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, bütün bu halların yaranmasının əsas səbəbi məktəbəqədər təhsil müəssisələrində kadrların düzgün seçilməsidir:

“Bu halların baş verməməsi üçün əvvəla insanın vicdanı olmalıdır. Tərbiyəçilər, dayələr seçildikdə onlar sertifikatlaşdırılmalıdır. Yəni onun peşəsi bir mütəxəssis kimi təsdiqini tapmalıdır. Tərbiyəçinin, dayənin pisxoloji durumu dövlət tibb müəssisələrində, eyni zamanda da ekspert qrupları tərəfindən mütləq qaydada testdən keçirilməlidir”.

Doğrudan da normal psixoloji durumda olan heç bir tərbiyəçi 3-4 yaşlı uşağın göz yaşları ilə əylənə bilməz. Ən azından sabahımızı, gələcəyimizi bu gündən məhv etməmək xatirinə.

…read more

From:: ANS