Naxış ananı itirdik! (VİDEO)

Bu gün Azərbaycan mərd bir qadını, bu torpağa Milli Qəhrəman Çingiz Mustafayevi, ANS Şirkətlər Qrupunun rəhbərləri Vahid və Seyfulla Mustafayevləri bəxş etmiş Naxış ananı itirdi! Canından əziz sevdiyi Azərbaycana vətənpərvər övladlar bəxş etmiş Naxış xanım Mustafayeva şəhid oğlunun izlərini daşıyan ANS kollektivinin böyük dostu idi.

Elə bir bayram yox idi ki, kollektivlə birgə qeyd etməsin. MDB məkanının ilk müstəqil telekanalı olan ANS-in yaxşı və pis günlərində həmişə kolektivin yanında olub. O, şirkətin işçilərinə həmişə analıq qayğısı göstərirdi. Xüsusilə şirkətdə işləyən qadınlar həmişə bu böyük həyat təcrübəsi olan insanın məsləhətlərindən yararlanırdılar. Kollektivdə işləyənlərin əksəriyyəti Naxış xanımı özü üçün çox yaxın insan sayırdı. Bizim Mir Şahin Ağayev ona sadəcə “ana” deyə müraciət edirdi.

Ölkənin müstəqilliyi uğrunda mübarizdə Mustafayevlər ailəsi böyük qurbanlar verib. İstedadlı jurnalist Çingiz Mustafayev qəhrəmancasına həlak olub. İki oğlunun Dağlıq Qarabağın qaynar nöqtələrinə mütəmadi səfərləri isə Naxış xanımın saçını vaxtından tez ağartdı. O yalnız sonradan öyrənmişdi ki, oğlu Vahid redaksiyanın tapşırığı ilə müharibə gedən Əfqanıstandadır, Seyfulla isə Qroznıda güllələr altında üsyankar general Cövhər Dudayevdən müsahibə götürüb.

1940-cı il yanvarın 18-də Şəkidə anadan olmuş Naxış xanımın özü də Azərbaycanda 1990-cı illərdə baş vermiş hadisələrdən kənarda qalmayıb. Onun qohumları danışırlar ki, o, 25 il qabaq bütün tanışlarına və qohumlarına zəng edərək bildirib ki, 50 illik yubileyini keçirməyəcək, çünki bunun zamanı deyil. Ümumiyətlə, evdə olmayacaq. Çoxları inanmayıb və gəlib. Naxış xanım, doğrudan da, evdə olmayıb. Yalnız bir müddətdən sonra öyrəniblər ki, o, həmin günləri Bakının böyük hissəsinin olduğu bir ünvanda – Azadlıq meydanında keçirib.

Naxış xanımın aramızdan getməsi ANS kollektivi üçün çox böyük itkidir. ANS kollektivi bu əziz insanın xatirəsini heç zaman unutmayacaq.

Allah rəhmət eləsin!

…read more

From:: ANS