Bakıda dələduz “polislər” saxlanıldı (VİDEO)

Bakıda özlərini polis kimi təqdim edən şəxslər saxlanılıb. ANS TV-yə bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, əməliyyatı Cinayət Axtarış İdarəsi əməkdaşları həyata keçirib. Əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Məmmədov Nazim Tahir oğlu, 1982-ci il təvəllüdlü, Ədilov Zaur İldırım oğlu və 1993-cü il təvəllüdlü İlkin Bayramov tutulublar.

Müəyyən edilib ki, həmin şəxslər Ələkbərov küçəsi, 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, Elşad Muradovun etibarından sui-istifadə edərək 10 min manatını ələ keçiriblər. Amma zərərçəkənlərin sayı bununla da yekunlaşmır. Belə ki, həmin şəxslər həmçinin Azərbaycan prospektində – Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında zərərçəkən Elgün Ələkbərovun etibarından sui-istifadə edərək, onun 95 min manat pulunu dələduzluq yolu ilə mənimsəyiblər.

Saxlanılan şəxs Zaur Ədilov deyir ki, onun 95 min matadan xəbəri yoxdur.

Əməliyyat-axtarış tədbirlərilə müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələrilə məhkum olunan Nazim Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edib. O, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Zaur Ədilov polis baş leytenantı rütbəsində gəzərək vətəndaşların etibarından sui-ustifadə ediblər. Həmin şəxslər Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.

Qeyd edək ki, dəstə üzvləri cinayət əməllərini yerinə yetirən zaman İlkin Bayramovun şəxsi avtomaşınından istifadə ediblər.

Faktla bağlı saxanılan şəxslər barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

…read more

From:: ANS