Prezident qəbul keçirdi

Prezident İlham Əliyev dekabrın 2-də Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf etdirildiyini vurğulayıb. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirdi və bunu tərəfdaşlığımızın yaxşı əlaməti kimi dəyərləndirib.

Dövlət başçısı İlham Əliyev Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğulayıb. Azərbaycan prezidenti ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib.

Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Prezidenti İlham Əliyev dekabrın 2-də həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulanıb, “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edilib, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. …read more

From:: ANS