Məktəblərdə qızların sayı azalır (VİDEO)

İki gün əvvəl Tələbə Qubulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin cənub bölgəsində təhsil alan qızların sayının kəskin şəkildə azaldığını deyib. Uzun müddətdir ki, bu bölgədəki erkən nigah problemi təhsildə qızların sayında özünü göstərib. Valideynlər burada qız övladlarını oxutdurmaqdan çox, ərə verməyə üstünlük verdiklərindən orta məktəbin sonuncu siniflərində zərif cinsin nümayəndələrinə rast gəlmək çətindir.

Valideynlərin qız övladları barədə verdiyi tələsik qərarlar artıq uzun illərdir ki, cənub bölgəsində sosial problemə cevrilib. Problem isə rayon mərkəzlərilə müqayisədə dağlıq və dağətəyi kəndlərdə özünü daha çox büruzə verir. Məsələn, Lənkəranın Şağlaser kənd tam orta məktəbində bir necə yuxarı sinifə baş cəkmək kifayətdir ki, qız və oğlan şagirdlərinin nisbətini açıq-aydın görəsən.

11-ci sinif şagirdi İlkanə Əbdülzadə deyir ki, səbəb isə valideynlərin onları nişanlandırması, tez ailə həyatı qurmasıdır.

Oxşar vəziyyət Masallı rayonunun təhsil müəssisələrində də mövcuddur. Mahmudavar və Türkoba kənd orta məktəblərində son illərdə erkən nigaha görə qızların məktəbdən kütləvi yayınmalarının kəskin azaldığı deyilsə də, oğlan şagirdlərin say çoxluğu aydın görünürdü. Müəllimlər isə problemi bir necə səbəblə izah edirlər.

Müəllim Şölə Əliyevanın sözlərinə görə, valideynlərin övladlarını oxutdurmağa imkanı çatmır: “İkinci isə erkən ailə qurmaq səbəbidirsə, 3-cü səbəb də budur dərs yükünün çox ağır olmasıdır. Yəni şagirdlər onu çatdıra bilmirlər. Ona görə də dərsdən yayınıb peşə təhsilinə gedirlər”.

Masallı Rayon Təhsil Şöbəsindən əldə etdiyimiz məlumata görə, 1 və 9-cu siniflərdə oxuyan şagirdlərin say nisbətində qızların payı 45%-dirsə, artıq 10 və 11-ci siniflərdə bu rəqəm 39%-e enir.

Lənkəran rayonunun təhsil rəsmisi Tariyel Əkbərov təhsil müəssisələrində qızların sayının azalmasını demoqrafik vəziyyətin dəyişməsilə izah edir. Yəni ailələrdə oğlan uşaqları daha çox doğulduğundan məktəblərdə də qızların faizi azalır.

Statistikaya əsasən cənub bölgəsi rayonları üzrə ötən il ali məktəbə daxil olanların təqribən 30%-ni qızlar təşkil edib. Ən yüksək nəticəyə isə Lənkəranda nail olunub. Bu rayonda 9 qız, 600-dən yuxarı bal toplayıb.

…read more

From:: ANS