Bizim sonuncu Bəxtiyarımız (VİDEO)

Xalq şairi Bəxtiyar Vahabzadənin anım gününü ötən il də mən çəkmişdim. Taleyin qismətidir, bu dəfə də şairin məzarı başına toplaşıb ruhunu yad edənlər onunla bağlı xatirələrini mənə etibar etdilər. Şükür Allaha bu bir ildə sıraları seyrəlməmişdi. Şirməmməd Hüseynov maşallah buz baltası kimidir, Bəxtiyar Vahabzadənin ən yaxın dostlarından biri olan Cabir Xəlifəzadə bu il 80 illik yubileyini qeyd etməyə hazırlaşır, şairin həyat yoldaşı Dilarə xanımsa üzü doxsanadır. Onunla yenə də bir ürək söhbəti etməyə imkan tapdım.

Bəxtiyar Vahabzadəsiz bu 6 ili necə keçirdiniz?

Dilarə Vahabzadə: “Bu 6 ili pis çox keçirdim. Oğul, nəvə, uşaq öz yerində onun yerini heç kim verə bilməz. Düzdür onlar mənin başımı qarışdırsalar da ürəyimdəkini qarışdıra bilmir. Evdə bir kimsə olmayanda şəklinə baxıb təsəlli tapb deyirəm – Allah sənə qəni-qəni rəhmət eləsin! 58 ili birlikdə yaşadaq, bu illər ərzində bir dəfə də olsun səndən incimədim”.

Maraqlıdır ki, dostları da eyni sözləri deyir. Şirməmməd Hüseynovun şairin məzarı başındakı çıxışı onun bizə tanış olan obrazını bir daha göz önünə gətirdi.

Şirməmməd Hüseynovun sözlərinə görə, dostları arasında birlik yaradan Bəxtiyar Vahazadə olub: “Xudu Məmmədovu, Nurəddin Rzayevi, eləcə də bizi hamımızı başına yığan Bəxtiyar olub. Biz Bəxtiyarın ətrafına yığışmışıq. Dahilər tək-tək yetişir. Mürüdlər, mürşüdlər ətrafına yığışanda çox olur. Ona görə də Bəxtiyar Vahabzadə bizi – hamımızı ətrafına yığan əjdahadır”.

Bəli, belə dostları olan insan bu dünyadan nigaran köçə bilməzdi. Əslində Bəxtiyar Vahabzadə çoxlarından fərqli olaraq bir çox arzularını realizə edə bildi. Azərbaycanın ədəbiyyat tarixinə Bəxtiyar Vahabzadə imzasını atdı, ölkənin müstəqillik tarixində özünəməxsus iz qoydu, bircə Qarabağın Qələbə şerini yaza bilmədi.

Arzum üçün mələyən bir cüyürdüm
O təpədən, bu təpəyə yüyürdüm
Niyə qorxum kəfənindən? Nə gördüm,
Beşiyindən, bələyindən dünyanın.

Allah o biri dünyanızı versin şair. Nur içində yatasınız!

…read more

From:: ANS