Küçənin ortasında adam öldürəni tutdular

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücünün şəxsiyyəti “isti izlər”lə müəyyənləşdirilib.

Qeyd edək ki, fevralın 10-da saat 17 radələrində rayonun Zığ şosesində naməlum avtomobilin sürücüsü yolu keçən piyada – 1998-ci il təvəllüdlü Ovcan Aqil oğlu Mehdiyevi vurub. Sürücü hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel” markalı 90-LO-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Quliyev Anar Nüsrət oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. …read more

From:: ANS