“Azadlığ”ı niyə su basdı? (FOTO)

Azadlıq metro stansiyasının üstündəki parkdan metronun içərisinə su axması ilə bağlı məsələyə Binəqədi Rayon İcra Hakimiyyətindən açıqlama verilib.

İH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, Azadlıq metro stansiyasının içərisində divarda müşahidə olunan hal su sızmasından qeydə alınmayıb. “Qeyd edim ki, həmin ərazidə parkda yaşıllaşdırma ilə birbaşa olaraq Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamenti məşğul olur. Ümumiyyətlə, həmin ərazini Bakı Şəhəri İcra Hakimiyyəti də, Binəqədi Rayon İcra Hakimiyyəti də sulaya bilər. Sadəcə olaraq metrodakı hadisə su sızmasından yaranmayıb”.

O, parkdakı daşların çökməsi ilə bağlı məsələyə gəldikdə isə bildirib: “Ola bilsin ki, parkın salınması zamanı hər hansı qüsura yol verilə bilər. Bu da parkın salınmasının özü ilə bağlıdır. O çöküntülərin yaranmasına yağış da səbəb ola bilər. Parkda torpağın çökməsilə bağlı isə yaxın vaxtlarda hər hansı tədbirlərin görülməsi nəzərdə tutulmur. Ola bilsin ki, parkda balaca kosmetik işlər görülsün. Amma yaxın vaxtlarda hər hansı başqa işlərin görülməsi haqqında bir söz deyə bilmərəm”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Azadlıq” metro stansiyasının yaxınlığındakı parkda torpaq çökməsi haqda sakinlər ANS PRESS-in qaynar xəttinə müraciət edərək məlumat vermişdilər. Şikayətçilərdən birinin fikrincə, buna parkdakı yaşıllıqların, ağacların sulanması səbəb olub. Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarovaya müraciət etsək də, o, hadisə haqqında xəbərsiz olduğunu demişdi. Bununla belə, o, parkda belə bir halın baş verməsinin qeyri-mümkün olduğunu bildirmişdi. Şikayətçilərin ANS PRESS-ə göndərdikləri şəkilləri göndərəndən sonra o, araşdırma aparılacığını bildirmişdi.

…read more

From:: ANS