SKMF 5.3 milyon verib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi və onlara maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum fevralın 6-da Bərdənin Zümürxan kəndində keçirilib.

Nairlikdən ANS PRESS-ə bildirilib ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir, üzlük daş və corab istehsalı müəssisələrinin, “yaşıl market” və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində 288 sahibkara 5.3 milyon manat dövlətin güzəştli kreditlərinin verildiyini, dövlətin güzəştli kreditləri hesabına ölkədə 20 müasir heyvandarlıq kompleksinin yaradılması layihəsinin maliyyələşdirildiyini bildirib.

Vurğulanıb ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 409.1 milyon manat, o cümlədən Bərdə rayonundan olan 1994 sahibkara 60 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına Bərdədə 4200-dən çox yeni iş yeri yaradılıb.

Ş.Abdullayev deyib ki, ötən illər ərzində 23550 başlıq 20 cins heyvandarlıq kompleksi, illik emal gücü 200 min ton olan 8 süd, illik emal gücü 13.2 min ton ət və 68.2 min ton ət kəsimi olan 7 istehsal və emal müəssisəsinə 128 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan 57 sahibkara 694.5 min manat güzəştli kredit ayrılıb. Həyata keçiriləcək layihələr nəticəsində 90-a yaxın yeni iş yeri yaradılacaq.

Forum çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Bərdə Aqrar-Sənaye Kompleksində aparılan son tamamlama işlərinə və rayonun Türkmən kəndində 500 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. …read more

From:: ANS