Kadırova haqq qazandırıldı

Çeçenistan prokurorluğu respublika rəhbəri Ramzan Kadırovun silahlıların yaxınlarını köçürmək və evlərini yandırmaq təhdidlərində qanunsuzluq əlamətlərini aşkar edə bilməyib.

Bunu Kadırovun sözlərini təhlil etmək xahişilə hüquq-mühafizə orqanlarına müraciət etmiş Rusiya prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü İqor Kalyapin bildirib.

Hüquq müdafiəçisinin təbirincə, prokurorluqdan aldığı cavabda Kadırov tərəfindən tərkibində cinayət törətmək çağırışı olan heç bir bəyanat verilmədiyi qeyd olunub.

Kalyapinin təbirincə, prokurorluğun cavabında “yalnız əgər qeyri-qanuni hərbi birləşmələrdə iştirak edən şəxslərin yaxınlarının onlara dəstək verdiyi xəbəri təsdiqlənərsə, sonuncuların mümkün mənfi nəticələrlə üzləşəcəyi barədə fikir ifadə edildiyi” qeyd olunub.

Evlərin yandırılması

İşgəncə Əleyhinə Komitənin sədri İqor Kalyapin dekabrın 9-da Baş Prokurorluq və İstintaq Komitəsinə müraciət edib.

Kalyapin cənab Kadırovun bəyanatı ilə əlaqədar Çeçenistan prezidentinin vəzifədən sui-istifadə etdiyini qeyd edərək prokurorluqdan ölçü götürülməsini xahiş edib.

Buna cavab olaraq, Kadırov Instagram səhifəsində yazıb: “Hansısa Kalyapin quldurların və onların ailələrinin müdafiəsinə qalxıb. Çeçenistanda, insan hüquqları ilə mən məşğul oluram”.

Kadırov hüquq müdafiəçisini terrorçuluğa yardım göstərməkdə şübhəli saydığını da əlavə edib.
Dekabrın 4-də bir qrup silahlı Qroznıya hücum edərək güc strukturları əməkdaşları ilə toqquşmuşdu.
Qroznıya hücum zamanı güc strukturları 10 nəfər itki vermişdi.

Həmin hücuma görə məsuliyyəti üzərinə “Qafqaz Əmirliyi” qruplaşması götürdü.

Səhərisi gün Ramzan Kadırov Çeçenistanda övladlarına görə valideynlərin cavab verməməsi dövrünün artıq keçmişdə qaldığını bəyan etdi.

Onun bəyanatının səhərisi günü Qroznıda yaraqlıların yaxınları və qohumlarına məxsus evlər naməlum şəxslər tərəfindən yandırıldı.

Dekabrın 13-də isə Qroznıda “İşgəncələr əleyhinə komitənin ofisində” yanğın baş verdi.

Hüquq müdafiəçiləri hesab edirlər ki, onların ofisi yandırılıb. …read more

From:: ANS