İki binada iş dayandırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində fevralın 5-də aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə bir sıra tikinti sahələrində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün dövlət nəzarəti tədbirləri həyata keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, dövlət nəzarəti tədbirləri zamanı fiziki şəxs İmanov Fədai Ərzuman oğluna məxsus müəssisə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, 48 ünvanında inşa olunan 2 bloklu, 9 mərtəbəli yaşayış binasının tikintisində əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və standartlarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün heç bir profilaktik tədbirlərin görülmədiyi məlum olub.

Həmçinin, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib. DƏMX tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, həmin müəssisədə işlər burada aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Bununla əlaqədar qeyd olunan tikinti obyektinin sahibinə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilməklə, müvafiq qaydada protokol tərtib olunub.

Eyni zamanda Gəncə şəhər sakini, fiziki şəxs Həsənov İsmət Anar oğluna məxsus olan, Samux rayonunun Sarıqamış kəndində, Bozdağ yaşayış massivində yerləşən fermer təsərrüfatı ərazisindəki tikinti obyektində də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu aşkarlanıb. Müəssisədə işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Habelə müəssisədə çalışan işçilər tərəfindən DƏMX-ə ünvanlanmış, əmək hüquqlarının təmin olunmamasına dair şikayət xarakterli müraciətlərin araşdırılmasına başlanılıb.

Xatırladaq ki, DƏMX tərəfindən “Təhlükəsiz iş ongünlüyü”nün elan edilməsi iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların aradan qaldırılmasına, işəgötürənlərin, ümumən cəmiyyətin bu sahəyə diqqətinin artırılmasına yönəlib. Tədbir çərçivəsində paytaxtda və respublikanın bölgələrində “Açıq qapı” günü formasında işəgötürənlərin əməyin mühafizəsi üzrə norma …read more

From:: ANS