Milli Məclisdə ukraynalı deputatlarla görüş

Milli Məclisin Mədəniyyət komitəsinin və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna nümayəndə heyəti ilə görüşüblər.

ANS PRESS Milli Məclisin saytına istinadən xəbər verir ki, Azərbaycan-Ukrayna əlaqələrindən danışan komitənin sədri Nizami Cəfərov bildirdi ki, dövlətlərimizin və xalqlarımızın tarixi münasibətləri var. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.

Ədəbi əlaqələrin intensivləşdirilməsinin vacibliyinə toxunan komitə sədri son zamanlar bu istiqamətdə mühüm addımların atıldığını söylədi. N.Cəfərov vaxtilə Azərbaycan ədəbiyyatının Ukraynada öyrənilməsi sahəsində görülən işləri qeyd etdi. Bildirdi ki, Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlı bu ölkənin həyatında fəal iştirak edir.

Görüş üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının deputatı Maria Matios Azərbaycana səfərdən məmnun qaldıqlarını və burada maraqlı görüşlər keçirdiklərini dedi. Qonaq parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirərək Ukrayna Ali Radasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun tərkibində çalışmaq istəyində olduğunu diqqətə çatdırdı.

Görüşdə digər çıxış edənlər ölkələrimizin ədəbiyyat sahəsində əməkdaşlığının genişlənməsi üçün atılan addımlardan danışdılar. Bu yaxınlarda hər iki ölkə yazarlarının əsərlərinin qarşılıqlı nəşr olunub tanıdılması üçün görülən işləri yüksək qiymətləndirdilər. …read more

From:: ANS