Bakıda gözünü pul tutanlar (VİDEO)

“Qala” və “Azər Mühafizə” şirkətlərinin 5 əməkdaşı həbs edilib.

ANS TV-nin məlumatına görə, yüzlərlə vətəndaşın etimadını qazanaraq onların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan “Qala” və “Azər Mühafizə” şirkətləri ilə bağlı yeni təfərrüatlar bəlli olub. Hər iki şirkətin Bakı da daxil, Salyan,Tərtər, Biləsuvar, Qax və digər rayonlarda 40-dan artıq regional idarəsi fəaliyyət göstərirmiş. Hər bir şöbənin də 200-250 işçisi əvvəlcədən min manatla 5 min manat arası depozit qoymaqla mühafizəçi kimi işə qəbul olunub.

Onlara bu pulun yarısı həcmində hər ay maaş ödnəliməsi vəd edilib. Lakin son bir neçə həftədə ayrı-ayrı bölgələrdə, o cümlədən paytaxtda “Qala” və “Azər Mühafizə” MMC-nin işçilərinin etirazları əbəs yerə deyildi. Məlum oldu ki, bu şirkətlər 100-lərlə vətəndaşın külli miqdarda pulunu mənimsəyib. Hesablamaya görə söhbət bir neçə milyon manatdan gedir.

“6 aydır ki, çalışıram. Bu müddət ərzində bir dəfə əmək haqqı almışam. 6 aydır ki, bankdan kredit götürmüşəm” – deyə zərərçəkən bildirib.

“Bu işlə əlaqədar olaraq ümumilikdə 2 min manat pul ödəmişəm. 500 manat sığorta haqqı, 1500 manat isə depozit. Bundan əlavə 200 manat da təhsil haqqı”, – deyə zərərçəkən bildirib.

Araşdırma zamanı məlum oldu ki, “Məqsədimiz sizi qorumaqdır” devizi seçən bu şirkətlərin təlim-tədris mərkəzləri də olub, hətta gənc mühafizəçilərə sertifikatlar paylanırmış.

“Qala” beynəlxalq təhlükəsizlik xidmətinin rəhbəri Vüqar Hüseynovdur. Onun MMC-ni 2007-ci ildə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatından keçirdiyi bildirilir. Şirkətlər cəmi iki il sonra Daxili İşlər Nazirliyindən lisenziya alıb. 5 ilin tamamında, yəni ötən il “Qala” və “Azər Mühafizə” şirkətlərinə növbəti dəfə lisenziya verilib. Bu hallar vətəndaşlarda şirkətə inamı artıran məqamlar olub. Lakin fırıldağın üstü ötən ilin oktyabrından, məvaciblərin dayandırılmasından sonra açılıb.

Hazırda isə DİN Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılıb. Şirkətlərin 5 əməkdaşı Vüqar Hüseynov, Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov və Fariz Babayev barəsində həbs qəti imkan tədbiri seçilib. Lakin zərər çəkmiş vətəndaşları dələduzluqda ittiham olunan şəxslərin həbsindən çox dəymiş ziyanın ödənilməsi maraqlandırır. …read more

From:: ANS