Kiyevə təzyiq göstərilir (VİDEO)

Donbasdakı Rusiya yönlü separatçılar Ukraynadan atəşin birtərəfli qaydada dayandırılmasını və “yeni təmas xətti”ni tanımasını tələb edirlər.

ANS PRESS-in məlumatına görə, bu barədə bəyanatı Kiyevlə danışıqlara qondarma Donetsk respublikası tərəfindən müvəkkil edilmiş Denis Puşilin Moskvada keçirilən mətbuat konfransında verib. Onlar hazırkı cəbhə xəttinin təmas xətti kimi qəbul olunmasını tələb edirlər.

Beləliklə, separatçılar sentyabr ayında Minsk danışıqlarında müəyyən edilmiş köhnə təmas xəttinin artıq qüvvədən düşdüyünü bildirilər. Yeni cəbhə xətti separatçıların son günlər ərzində zəbt etdikləri yeni əraziləri də əhatə edir.

Puşilin son saatlarda uğrunda döyüşlər gedən strateji Debaltseve şəhərinin təmas xəttinin hansı tərəfində qalacağı barədə suala cavab verməyib. O sadəcə olaraq bildirib ki, “Debaltseve platsdarmı” mühasirədədir və orada 8-10 min Ukrayna əsgəri ilişib qalıb.

Ukrayna hərbi mənbələri isə Debaltsevenin mühasirədə olduğuy barədə iddiaları rədd edir.

Puşilin bildirib ki, Ukrayna prezidenti Petro Poroşenko atəşin dərhal dayandırılması barədə əmr verməlidir və yalnız bundan sonra qondarma Donetsk və Luqansk respublikalarının liderləri Minsk danışıqlarına gələ bilərlər.

Kiyev və bir sıra Qərb ölkələri Donbasdakı zorakılıqların şiddətlənməsinin səbəbini Rusiyada görürlər.

Bu arada Berlin və Paris ilkin Minsk razılaşmasının təftiş edilməsini yolverilməz adlandırıb.

…read more

From:: ANS