74 yaşlı qadının müəmmalı ölümü (FOTO)

Bərdənin Qəhrəmanlar kəndində səhər saatlarında yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın xəbərini alan FHN-nin Bərdə yanğından mühafizə hissəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb.

Otaqda çarpayının üzərində baş verən yanğın söndürülüb. Daha sonra digər otaqdakı çarpayıda ev sahibi 74 yaşlı Güllü Əliyevanın meyiti aşkar edilib.

Kənd icra nümayəndəsi Məhərrəm Cəlilov qadının tək yaşadığını deyir: “Bir qızı var, o da Sumqayıt şəhərində yaşayır. Mən gələndə ev tüstülənirdi”.

Hadisə yerinə Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. FHN-nin Bərdə yanğından mühafizə hissəsindən əldə etdiyimiz məlumata görə, evdəki elektrik naqilləri və qaz xətti normal vəziyyətdədir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Hələlik ağbirçəyin tüstüdən və ya hansısa kənar müdaxilədən dünyasını dəyişməsi məlum deyil. Meyit müayinə olunmaq üçün Məhkəmə tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Ölümün hansı səbəbdən baş verdiyi də araşdırmalardan sonra məlum olacaq.

…read more

From:: ANS