Yerin altı zənginləşdi

“Vaqif Səmədğolu çox böyük ədəbi irs qoyub gedib. O, böyük Səməd Vurğunun yadigarı idi. Vaqifin üslubu atasının üslubundan fərqli idi. O bilirdi ki, bu sahədə atasına çata bilməyəcək, ona görə başqa bir üslub seçdi. Bununla da o öz yüksək qiymətini aldı”. ANS PRESS-in məlumatına görə, bunu şair Nəriman Həsənzadə bildirib.

“Vaqif Səmədğolu poeziyasında bənzərsiz yer qazandı özünə. Təvəzükarlıqla, sadəliklə və özünü reklam etmədən, birazda yumorla addım-addım Vaqif Səmədoğlu zirvəsinə yüksəldi. Biz onunla uzun illər yaxın olmuşuq. Vaqif həyat sevgisi ilə dolu bir adam idi, amma ölüm haqqında çox danışırdı. Vaqif ciddi adam idi məclislərdə, amma içi yumorla dolu idi. Hətta atasından da danışanda yumordan əl çəkmirdi”, – deyə millət vəkili Sabir Rüstəmxanlı bildirib.

“Vaqif özünəməxsus bir şair idi. Onun bir misrası var idi ki, araba istini cırıldadır. Bunu ondan başqa kim yaza bilərdi? Heç kim. O həm sözdə, həm də məişətdə özünə xas idi. Azərbaycan ədəbiyyatı onu fiziki cəhətdən itirib, amma Vaqifin adı əsrlər boyu ədəbiyyatımızda yaşayacaq”. Bu fikirlər isə yazıçı, publisist Seyran Səxavətə aiddir.

Qeyd edək ki, ötən gün dünyasını dəyişmiş Vaqif Səmədoğlu ilə vida mərasimi yenicə başlayıb. Mərasimdə şairin qələm yoldaşları, tanınmış şəxslər, və onu sevənlər iştirak edir.

Allah rəhmət eləsin!

…read more

From:: ANS