Yeni İcra başçısı təqdim edildi

Qubanın yeni icra başçısı bu gün aparata təqdim edilib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, rayona yeni təyin olunan icra başçısı Yaşar Qəhrəman oğlu Məmmədovdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev bu gün keçirilən iclasda onu aparat işçilərinə təqdim edib.

Yaşar Məmmədov təyinatından məmnun olduğunu, rayonun gələcək sosial-iqtisadi inkişafı üçün əlindən gələni edəcəyini bildirib. O, prezidentin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamlarının icra edilməsini indən belə də davam etdirəcəyini deyib.

Xatırladaq ki, Yaşar Məmmədov bundan əvvəl Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezidentin iki gün əvvəl verdiyi sərəncamla o, Ucar rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilərək Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Həmin sərəncamla Quba rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilən Mübariz Alı oğlu Ağayev isə Ucar rayonu İcra hakimiyyəti başçısı təyin edilib. …read more

From:: ANS