İki qadın 25 il yaşadıqları evləridən qovuldu (VİDEO)

Oğuz rayonunda kimsəsiz qadınlar öz qanuni mülklərindən zorla çıxarıldıqlarını iddia edirlər. ANS TV-nin məlumatına görə, Oğuz rayon sakini Əsli Qasımova həmkəndlisi tərəfindən yaşadığı mülkdən çıxarılmasından şikayət edir. Onun sözlərinə görə, anası 30 ilə yaxın kolxozda sağıcı işləyib. 1988-ci ildə torpaqlar özəlləşdirilərkən fermanın həyətində olan tikili onlara əmlak payı kimi verilib və o anası ilə birgə son bir ilə kimi həmin tikilidə yaşayıblar. Lakin bir il əvvəl Əfsanə adlı qadın onları buradan zor tətbiq edərək çıxarıb.

İndi yaşamaq üçün yeri olmayan iki kimsəsiz qadın tək yaşayan kənd sakinlərindən birinin evinə sığınıblar. Bu vaxta kimi döymədikləri qapı qalmayıb, lakin problemlərinə çarə tapan olmayıb. Ən pisi də odur ki, həmin mülkün onlara əmlak payı kimi verilməsini təsdiq edən sənəd də zorla çıxarıldıqları həmin evdə qalıb.
Şikayətçi Əsli Qasımova sənədin evdə qaldığını və evi zorla zəbt edənlərin həmin sənədi götürməyə belə icazə vermədiklərini deyir.

Məsələyə qarşı tərəfin cavabı isə çox kəskin və qısa oldu. Həmin binanın onun atasına da əmlak payı kimi verildiyini iddia edən Əfsanə Əliyeva şikayətçiləri qəti şəkildə evə buraxmayacağını bəyan etdi. Amma Əfsanə Əliyeva həmin mülkə aid hüquqi sənədləri təqdim edə bilmədi.

Məsələyə münasibət bildirən Bayan kənd icra nümayəndəsi Vasif Mahmudov bu münaqişə ilə bağlı hər iki tərəfin rayon polis şöbəsində qeydiyyatda olduğunu deyib. Tərəflərdən birinin sənədinin saxta olduğunu etiraf edən icra nümayəndəsi bunu sübüt etməyin onların işi olmadığını və məsələnin məhkəmə səlahiyyətinə aid olduğunu bildirdi.

Vasif Mahmudov Əsli Qasımovaya yalnız köməklik kimi bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsinin ayrıldığını amma onun bundan imtina etdiyini deyir.

Ucqar ərazidə ayrılan torpaq sahəsi ilə razılaşmayan Əsli Qasımova isə uzun illər yaşadığı və qanuni sənədlərlə onlara məxsus olan mülkü tələb edir. Bu iki çarəsiz qadının öz evlərindən qovularaq küçələrdə qalmasına isə yəqin ki hüquq mühafizə orqanları laqeyd qalmaz.

…read more

From:: ANS