Cəbhə xəttində Qəhrəmanlar Parkı (FOTO)

Milli Qəhrəmanlara göstərilən diqqət və qayğının, ehtiramın bariz nümunəsi kimi Horadiz şəhərində Qəhrəmanlar Parkı salınıb, parkda 6 Milli Qəhrəmanın şərəfinə abidə kompleksi ucaldılıb.

ANS PRESS-in məlumatına görə, noyabrın 28-də yüzlərlə füzulili Horadiz şəhərinin giriş hissəsində- Bayraq meydanının yaxınlığında salınmış Qəhrəmanlar Parkına toplaşıb.

Qəhrəmanlar Parkının açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Qəhrəmanların ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri abidə önünə gül-çiçək dəstələri qoyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Parkın açılış mərasimində A.Alıyev Milli Qəhrəmanlara Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısından danışıb, şəhidlərin torpaqlarımızın müdafiəsi yollundakı şərəfli xidmətlərinin heç zaman yaddan çıxmayacağını bildirib.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib, 6 nəfər Milli Qəhrəmanın keçdikləri ömür yolu barədə ətraflı məlumat verilib.

Rayon rəhbəri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 1000 nəfərə yaxın füzulili şəhid olub, 1340 nəfər yaralanıb və girov götürülüb. Şəhidlərdən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilmiş, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəyib.

Onun sözlərinə görə, bu gün hər bir füzulilinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.”

Görüşdə Milli Qəhrəmanların ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları göstərilən qayğıdan danışıblar.

Yekunda belə görüşlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında xüsusi rol oynadğı vurğulanıb, ölkədə, rayonda baş verən yeniliklərdən, ölkə başçısının həyata keçirdiyi tədbirlərdən, rayona və sakinlərə göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Milli Qəhrəmanların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilib.

Tədbir rayonun mədəniyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə tamamlanıb.

…read more

From:: ANS