Nalbandyanın fiaskosu

Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın İsveçə rəsmi səfəri çərçivəsində Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda “Cənubi Qafqazda Təhlükəsizlik Problemləri” mövzusunda məruzə ilə çıxış edib.

AzərTAc xəbər verir ki, işğalçı ölkənin naziri çıxışını bitirəndən sonra İsveç-Azərbaycan Gənclər Təşkilatı fəallarının suallarına tuş gəlib. Belə ki, təşkilatın aktivistləri – Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova erməni nazirə 4 sual ünvanlayıblar.

Verilən suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etməsi qeyd olunub. Bundan başqa, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən bir gecədə yer üzündən silinməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər dinc Xocalı sakini qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları, Edvard Nalbadyanın bu haqda fikirlərini bilmək istəyiblər.

Çətin anlar keçirən, tələbələrin suallarına destruktiv və uydurma dolu cavablar verən Edvard Nalbadyan, tədbirin bu şəkildə davam etməsindən narahat olduğunu ifadə edib. Sualları cavablandırarkən əllərinin hərəkətindən və sifətindəki ifadədən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin, “salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir” ifadəsi, vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərirdi.

Qeyd edək ki, tədbirdə erməni diasporasından bir nəfərin belə iştirak etməməsi, Ermənistan hakimiyyəti ilə diasporası arasında olan problemlərdən xəbər verir, bu isə Edvard Nalbadyanın İsveçə olan səfərinin fiaskoya uğramasının dəlilidir. …read more

From:: ANS