Polşada hökumətə qarşı növbəti etiraz aksiyası

Polşanın paytaxtı Varşavada hökumətə qarşı növbəti etiraz aksiyası baş tutub.

ANS PRESS-in məlumaına görə, Demokratik Müdafiə Komitəsinin yüzlərlə tərəfdarı hökumətin media ilə bağlı qəbul etdiyi qanun layihəsinə qarşı çıxışlar ediblər.

Yeni qanun layihəsi hökumətə ictimai telekanallar və radioların rəhbərliyini təyin etmək səlahiyyəti verir. Etirazçılar qanun layihəsini mediaya qarşı təzyiq vasitəsi adlandırıblar.

“Hökumətin etdiyi qanun dəyişikləri, gördüyü bütün tədbirlər azadlığımıza qarşı təhlükədir. Əgər hər bir yeni layihəyə qarşı çıxsaq, gərək bütün günümüzü küçələrdə keçirək”, – təşkilatçı Matyoş Kiyovski bildirib.

Avropanın media müşahidəçiləri də Polşa hökumətinin bu addımını tənqid edir.

Polşada etiraz aksiyası

Almaniyanın paytaxtı Berlində isə qadın və uşaqlara qarşı son günlərdə zorakılıq hallarının artması etirazlara səbəb olub. Məlumata görə, bir müddət əvvəl suriyalı mühacirin 13 yaşlı qızı zorlaması faktı fəalların səbr kasasını daşırıb.

Etirazçılar qadınların müdafiəsi naminə şüarlar səsləndiriblər.

“Bunlara son qoymaq lazımdır. Uşaqlar sərbəst şəkildə məktəbə gedə bilməlidirlər. Artıq indi bu, mümkün deyil. İki qızım var. Onları mən məktəbə aparıb gətirirəm. Etirazlarımız qaçqınlara qarşı deyil. Lakin buna son qoymaq lazımdır”, – deyə etirazçı bildirib.

Yeni İl ərəfəsində Köln şəhərində qadınlara qarşı kütləvi şəkildə cinsi zorakılıq halları aşkarlanmışdı. Hadisənin ərəb əsilli mühacirlər tərəfindən törədildiyi iddia olunur. Hadisədən sonra Almaniya xalqı hökumətin mühacir siyasətinə qarşı etirazlar keçirib.

Finlandiyada da cinsi zorakılıqlara qarşı etiraz aksiyası baş tutub. Tampere şəhərində radikal fəallar ölkədə mühacir istəmədiklərini bildiriblər. Etirazçılar qeyd ediblər ki, mühacirlər cinsi zorakılıq hallarına yol verməklə yanaşı, işsizlik və digər sosial problemlər də yaradırlar. …read more

From:: ANS